"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Günel Pirquliyevanın 44gun.org saytında dərc olunmuş "Şuşa şəhərinin inkişafında Heydər Əliyevin rolu" adlı məqaləsi İyun 18, 2022

 

Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda, ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi..
Ümummilli lider, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “…Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra — 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul etmişdi.
Heydər Əliyevin göstərişi ilə o dövrdə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşidbanu Natəvana abidə qoyuldu. Nəticədə, məhz ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi, yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi. Lakin, Ermənistan silahlı qüvvələrinin Qarabağ torpaqlarına təcavüzü nəticəsində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, “Realni” məktəbinin binası, Qız məktəbi, Şirinsu hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə. Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: “…Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Məhz cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun rəşadəti hesabına 29 ildən sonra ərazilərimzi erməni işğalından azad etdik. İndi azad olunmuş torpaqlarımızda geniş miqyaslı tikinti-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncamına əasən 2022-ci il Şuşa ilin elan edilib
Mədəniyyət sahəsinə, xüsusən də tarixi mədəniyyət abidələrinə yüksək diqqət göstərən cənab prezidentimiz İlham Əliyevin göstərişlərinə əsasən Qarabağda olan tarixi abidələrimizin bərpasına başlanılıb. Hal-hazırda da bu tikinti- bərpa işləri müvəffəqiyyətlə davam edir və tezliklə başa çatdırılacaq.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun
Baş fond mühafizi  Günel Pirquleyva

 

 

Spread the love