"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Aparıcı elmi işçisi Bəbirova Vüsalənin millitribuna.az saytında dərc olunmuş "Şabran rayonunda arxeoloji tədqiqatlar haqqında" adlı məqaləsiİyul 25, 2022

Vüsalə Bəbirova

 

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu Aparıcı elmi işçi

e-mail:vusale.bebirova@bk.ru

 

Şabran rayonunda arxeoloji tədqiqatlar haqqında

 

Açar sözlər: Şabran, Çaqqallıqtəpə, Almastəpə, arxeologiya, tədqiqatlar

 

Ключевыеслова:Шабран, Чакгаллыгтепе,Алмастепе,археология,

исследования

 

Key words:Shabran, Chakgallygtepe, Almastepe, archeology, research

 

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə maddi-mədəni irsimizin qorunması,tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Heydər Əliyevin elmə olan qayğısı elmi araşdırmalara, tarix, mədəniyyət, arxeoloji və etnoqrafik tədqiqatların aparılması üçün geniş imkanlar yaratdı.Bu qəbildən onun 2003-çü ildə “Şabran” və “Çıraqqala” qoruqlarının yaradılmasını nəzərdə tutan sərəncamı imzalaması şabranlılara rayonun qədim tarixi abidələrini qorumaq üçün bir fürsət yaratdı.Atasının yolunu davam etdirən prezident İlham Əliyev cənabları da azərbaycan xalqının zəngin maddi-mədəni irsinin üzə çıxarılması,dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sahəsində araşdırmaların müstəsna əhəmiyyətini qeyd edərək bir çox sərəncamlar imzalamışdır(1).Bu sərəncamlar Azərbaycanın bir çox bölgələrinə,həmçinin Şabran rayonuna da şamil edilmişdir.

 

Azərbaycanın qədim şəhər mədəniyyətini özündə əks etdirən şəhərlərdən biri də Şabran şəhəridir. Şabran şəhərinin arxeoloji maddi-mədəni irsinin tədqiqi azərbaycanlıların milli mənəvi dəyərlərinin öyrənilməsi baxımından aktuallıq kəsb edir. Aydındır ki, 1980-ci illərdə orta əsr Şabran şəhəri ərazisinin müxtəlif sahələrində arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı işləri zamanı əldə olunmuş ən böyük nailiyyət orta əsr qəsrinin aşkar edilərək üzə çıxarılması olmuş, lakin müəyyən səbəblərdən bu qəsrin tam tədqiqata cəlb olunması yarımçıq qalmışdı.

 

Uzun müddətdən sonra 2012-ci ildən başlayaraq orta əsr Şabran şəhərində yenidən arxeoloji tədqiqatlara başlanılmış və ötən əsrin 80-ci illərinin tədqiqatları zamanı qəsrin qazıntıları gedişində çıxarılmış torpağın qəsrin ətrafında qalaq şəklində yığılıb qalması səbəbindən 2012-ci ildə qəsrin qazıntısını davam etdirmək mümkün olmamışdır və qazıntı sahələri qəsrə yaxın olan ərazidə salınmışdır. Lakin 2013-cü ildə qəsrin cənub-qərb hissəsində yığılmış torpağın təmizlənməsi burada arxeoloji tədqiqatların davam etməsinə imkan yaratdı.2013-cü ildə orta əsr Şabran şəhər yerinin ərazisində arxeoloji qazıntı işləri davam etdirilmişdir. 2012-ci ildə orta əsr Şabran şəhər dövlət qoruğunun ərazisində salınmış arxeoloji qazıntı sahəsini genişləndirmək məqsədi ilə bu sahənin qərb və şərq hissələrində iki yeni qazıntı sahəsi salındı. Sahələrin hər biri 20 x 5 m (100 kv.m) idi. Kvadratın cənub divarı tərəfdə yer səthindən 70 sm dərinlikdə iri və orta həcmli çay daşlarından hörülmüş divar üzə çıxdı. Sahənin kvadratı cənub divarı boyunca şərqdən qərbə doğru 5 m uzanır. Divarın şərq tərəfində yer səthindən 55 sm dərinlikdə kənarları bişmiş kərpiclərlə və uzunsov formalı çay daşları ilə hörülmüş bir qurğu aşkar olunmuşdu. Ehtimal ki, bu kürə yeri olmuşdur. Onun içərisi təmizləndikdən sonra ölçüləri götürülmüşdü. Ocağın şimal hissəsində ellips formalı, kənarları bişmiş kərpicdən və çay daşlarından hörülmüş təndir yerləşirdi. Təndirin diametri – 50 x 80 sm-dir. Təndirin şərq tərəfindən döşəmə aşkar olunmuşdu. Döşəmənin uzunluğu 120 sm, eni 75 sm-dir. Təndirdən cənub-şərqdə kvadratın cənub küncü tərəfdə ocaq yeri üzə çıxmışdı. Ocaq dördkünc formalı olub ölçüsü 40 x 50 sm-dir, dərinliyi 20 sm-dir. Ətrafı çay daşlarından hörülmüşdür. Kvadratın cənub-şərq hissəsindəki quyunun ətrafı bir daha təmizləndikdən sonra quyunun şərq hissəsindən kvadratın qərbinə doğru daha bir divar aşkarlanmışdı. Divarın uzunluğu 2,2 m-dir. Divar bişmiş kərpiclərdən ibarət olmuşdur. Qərbə doğru gedən divar cənuba doğru dönərək bir saylı təndirin döşəməsi ilə birləşir. Dönüb birləşən hissənin uzunluğu 50 sm-dir. Təndirin döşəməsinin şərq hissəsindən dəmir ərintiləri və külçə, yaşımtıl-sarı rəngli maddənin ərintiləri və kömür aşkar olunmuşdu. 2013- cü ilin hesabatından aydın olur ki, l-ci kvadratın sahəsi yer səviyyəsindən 1,2 m dərinliyə endirildikdən sonra kvadratı iki hissəyə bölən və daha sonra keçən ilin qazıntı sahəsi arasında yerləşən 1 m-lik ayırıcı sədlər götürülmüş və bu kvadratın ərazisində arxeoloji qazıntı işləri başa çatmış hesab edilmişdi. Bundan sonra keçən ilin qazıntı sahəsinin şərqində yerləşən 2-ci kvadratın qazıntılarına başlanılmışdı. Burada da eyni ölçülərdə ayırıca divarlar saxlanılmışdı. Qazıntıların gedişində 10-20 sm dərinlikdən tikinti materiallarının (çay daşı, bişmiş kərpic, kaşı) hissələri, saxsı qab qırıqları və dəmir külçələri üzə çıxmağa başlamışdı. Sonrakı qazıntılar bu kvadratda tikili qalıqlarının fundamentlərinin, təndir və ocaq yerlərinin, bişmiş yastı kərpiclərdən və qismən də çay daşlarından döşənmiş döşəmələrin, həmçinin su təchizatı sisteminin elementi olan saxsı tünglərin aşkar edilməsinə gətirib çıxartmışdı.

 

Qazıntılar gedişində bir-birinə birləşdirilmiş 8 tüng üzə çıxması təsvir edilmişdir. 1-ci və 8-ci tünglər sınmış vəziyətdə göstərilir. Digərləri qismən dağıdılmış və tamamilə salamat qalanları da görmək mümkündür. Tünglərin bir ucu geniş, digər ucları isə daralmış vəziyyətdədir. Tünglərin belə vəziyyətdə olması onların bir-birlərinin içinə geyindirilməsi üçün nəzərdə tutulmuşdur. Rəngləri çəhrayıdır. Tünglərin dar uclarının diametrləri 10 sm-dir. Bu tüngləri yerlərindən tərpətməmək qərara alınmışdı. Buna görə də arxeoloqlar onların geniş hissələrinin diametrlərini götürməkdə çətinliklə üzləşmişdilər. Onların təxmini diametrləri 15 sm-ə çatırdı. Uzunluqları 50 sm-dir. Tünglər şərqdən qərbə doğru yarımdairəvi şəkildə, cənubunda yerləşən ocaq yerini dövrələyərək 3,1 m məsafədə uzanmışdı. Hesabatda göstərilir ki, 2-ci kvadratın ərazisi də yer səviyyəsindən 1,2 m dərinlikdə qazıldıqdan sonra ayırıcı sədlər aradan götürülərək keçən ilin və bu ilin qazıntı sahələri (1 və 2 saylı) birləşdirilmiş və bununla da qazıntıların ümumi mənzərəsi yaranmışdı. Hesabatdan aydın olur ki, birinci kvadratda üzə çıxmış döşəmə 1 saylı sahədəki döşəmənin ardıdır. Birinci kvadratın cənub hissəsindəki üç otaq isə bir saylı sahədə üzə çıxmış otaqların bir növ davamıdır.

 

Qeyd edək ki, 2013-cü ildə orta əsr Şabran şəhər yerində arxeoloji yoxlama qazıntılarının aparılması haqqında hesabat məlumatları da vardır. Bu qazıntılar “Azərbərpalayihə” təşkilatı ilə bağlanmış müqavilə əsasında qoruğun gələcək inzibati binasının tikilməsı üçün nəzərdə tutulmuş ərazidə iki mərhələdə aparılmışdır. Birinci mərhələdə 400 kv.m-lik bir sahə qazılaraq tədqiq edilmişdi. Torpağın səviyyəsi 1,3-2,8 m dərinliyədək qazılmış və bu zaman iki tikinti horizontu üzə çıxarılmışdır. Birinci tikinti horizontuna daxil olan mədəni təbəqələr XVI-XVII, ikinci horizontun təbəqələri isə e.ə. XIV-XV əsrlərə aid edilir. Bu horizontların arasında 30 sm-lik çınqıllı lal təbəqə yerləşirdi. Bu təbəqələrdən müxtəlif təyinatlı tikili qalıqları, ocaq yerləri və təndirlər, külli miqdarda maddi-mədəniyyət nümunələri üzə çıxarılmışdır.Burada aşkar edilmiş maraqlı tikili qalığı kimi böyük bir hasarın salamat qalmış fundamentini göstərmək olar. Arxeoloji hesabatlardan aydın olur ki, qazıntı sahəsinin qərb hissəsində yer səviyyəsindən 60 sm dərinlikdən cənub-qərb istiqamətində iki cərgəni təşkil edən bişmiş kərpiclərlə yanaşı, şərqə doğru uzanan enlibir daş divar aşkar edilmişdir. Bu divar 1,8 m enində olub, cənub-qərb – şimal-şərq istiqamətində 6,6 m məsafədə uzanaraq, əvvəllər aşkar edilmiş enli hasar divarına paralel surətdə gedirdi. Daş divar pərakəndə surətdə yerləşdirilmiş müxtəlif ölçülü çay daşlarından ibarətdir.

 

Şərq hissəsi sıra ilə düzülmüşdür. Bu sahənin ərazisi 144 kv.m təşkil edir. Bu sahə 1-1,1 m dərinliyinədək qazılmışdı. Burada da maddi-mədəniyyət nümunələri ilə yanaşı müxtəlif daş düzümləri, ocaq və dirək yerləri, həmçinin də 1-ci sahədə aşkar edilmiş böyük divarın ardı üzə çıxmışdı. Divar kvadratın cənub-qərb hissəsindən başlayaraq şimal-şərqə doğru uzanır. Divarın qərb hissəsi 8,6, şərq hissəsi isə 7,15 m-dən şərq tərəfə dönür. Bundan sonra o, yenidən şimal-şərqə doğru gedir və sahənin divarları içəriyə tərəf uzanmış şəkildə təsvir edilərək hesabatlarda öz əksinin tapmışdır (2, s. 288). Qazıntı sahəsinin bütün dərinliklərindən üzə çıxan artefaktlar əsasən saxsı məmulatlardan, metal alətlərdən, şüşə qırıqlarından, bəzək əşyalarından, mis sikkələrdən, osteoloji qalıqlardan və s. ibarət idilər. Saxsı məmulatlar tədqiqatlar gedişində aşkar edilmiş arxeoloji materiallar içərisində üstünlük təşkil edir. Bunlar əsasən müxtəlif formalı və təyinatlı sadə və şirli saxsı qablardan, çıraqlardan ibarət idi. Qeyd edək ki, saxsıməmulatlar çox zaman yalnız fraqmentlər şəklində aşkar edilmişdi. Lakin bununla yanaşı, bu məmulatları bəzən qismən də olsa, bərpa etmək mümkün olmuşdu.

 

Saxsı qabların böyük əksəriyyətinin gili çəhrayı rəngdədir, lakin açıq və tünd çəhrayı çalarlara da təsadüf olunur. Amma aşkar edilmiş qablar içərisində qırmızı, qəhvəyi, narıncı, qonur, qara, boz, sarımtıl-çəhrayı, ağımtılrənglilər və bu rənglərin müxtəlif çalarları da mövcud idi. Bəzən çölü açıq boz, içərisi qırmızı və ya çölü çəhrayı, içərisi qırmızı rəngdə olan vaza tipli qablara da təsadüf olunur. Çox vaxt onların səthlərinə ağımtıl, qəhvəyi, qonur, sarımtıl, bozumtul-qonur, boz və noxudu rəngdə anqob çəkilirdi. Tapıntılar içərisində həm qalın divarlı, həm də nazik divarlı qablara rast gəlinir. Bir çox fraqmentlərin formalarına müvafiq olaraq qabların quruluşunu təsəvvür etməyə imkan yaranmışdır.

Qeyd edildiyi kimi, yoxlama qazıntılarının gedişində iki tikinti horizontu qazılaraq tədqiq edilmişdir. Qazıntılar zamanı əldə edilmiş saxsı qab nümunələrinin təhlili göstərdi ki, 2-ci tikinti horizontunun mədəni təbəqələrindən aşkar olunmuş saxsı qab fraqmentləri bəzi xüsusiyyətlərinə, şirlənmə üsullarına və ornamentlərinə görə 1-ci tikinti horizontundan tapılmış fraqmentlərdən fərqlənir. Bu, onların ayrı-ayrı tarixi dövrlərə aid olmaları ilə əlaqədardır. Belə ki, 1-ci horizontun təbəqələri XVI-XVII əsrlərə aid olduğu halda, 2-ci horizontun təbəqələri artıq XIV- XV əsrləri əhatə edirdi. Bu təbəqələrdən müxtəlif təyinatlı tikili qalıqları, ocaq yerləri və təndirlər, küllü miqdarda maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. (2,s.289).

 

Daha sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Şabran arxeoloji ekspedisiyası” 2016-cı ildə Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələrində arxeoloji qazıntı işləri aparılmış və arxeoloji hesabatlarda öz əksini tapmışdır.

Onu qeyd edək ki, I ÇaqqallıqtəpəAygünlü kəndi ərazisində, Şabran-Quba magistral yolunun solundayerləşir. Dəniz səviyyəsindən 101 metr yüksəklikdədir. Samur-Dəvəçi su kanalı çəkilərkən abidəni kəsmiş və abidənin bu hissəsi güclü dağıntıya məruz qalmışdır.II Çaqqallıqtəpəisə birincidən təqribən 200 metr kəndə tərəf istiqamətində yerləşir. Dəniz səviyyəsindən 99 m. yüksəklikdədir. Bir tərəfi əkin sahələrinə gedən yolun salınması ilə əlaqadar olaraq dağıdılmışvə burada 3-4 metrliyində yarğan əmələ gəlmişdir. Lakin bu hissədə heç bir arxeoloji materiala rast gəlinmir. Materiallar əsasən abidənin ovalvari hissəsinin cənub tərəfindən tapılmışdır. III Çaqqallıqtəpə ilk iki abidədən kəndə tərəf təqribən 200 metr məsafədə, əkin sahəsinin ortasında hündür bir təpədir. Yerli əhali bu təpəni İlanlıtəpə adlandırır. Dəniz səviyyəsindən 94 metr yüksəklikdə yerləşir.Arxeoloji qazıntılar hər üç abidədə aparılmış vəilkin tədqiqatlar hər üç təpənin İlk tunc dövrünə aid olduğunu və Kür-Araz mədəniyyətinin digər abidələrindən fərqli xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdi.

 

Hesabatlardan aydın olur ki, I Çaqqallıqtəpənin su kanalının hər iki tərəfində qalan hissəsində qazıntılar aparılmış vəkanalın solunda 2×2 m ölçülü sahədə qazıntılar zamanı üst təbəqənin qismən dağıdıldığı müəyyən edilmişdi.Qazıntı sahəsinin üst təbəqəsində qalın kül təbəqəli ocağın daxilində iri həcmli təsərrüfat küpünün sınıqları,nisbətən aşağı təbəqədə dairəvi qazma tipli evin qalıqları təmizlənmişdi. Evin döşəməsi və kənarları gillə suvanmışdır. Evin daxilində küllü torpağa, az miqdarda saxsı parçalarına rast gəlinir. Əsas materiallar qazma evin döşəməsi üzərindən əldə olunmuşdu. Onlar daş əmək alətlərindən, üzəri yapma naxışlı kiçik həcmli saxsı qabın hissəsindən, dopudan, gildən hazırlanmış və bişirilməmiş iki ədəd araba təkəri modelindən ibarət olmuşdur.

 

Kanalın sağında isə qazıntılar üçün 5×2,5 m sahə götürüldü. Qazıntı sahəsinin üst təbəqələrində dağılmış formada möhrə, gil, kərpic qalıqları və saxsı hissələri əldə olunmuşdur. Tədqiqatlar abidənin bu hissəsində 4 memarlıq xüsusiyyəti izləməyə imkan vermişdi. Qeyd edək ki, bu günədək Azərbaycanın ilk tunc dövrünə aid heç bir yaşayış yerində bu qədər fərqli tikinti xüsusiyyətləri izlənilməmişdir (3, s.129).

 

Hesabatlardan aydın olur ki, I Çaqqallıqtəpə abidəsinin ən alt təbəqəsi üçün dairəvi – günbəzvari qazma evlər xarakterik olmuşdur. Bu evlərin hamısının divarları və döşəməsi suvanmışdır. Bəzi qazma evlərin döşəməyə yaxın hissəsində divar boyu bir neçə yerdə dairəvi kiçik oyuqlar vardır. Güman edirik ki, bunlar təsadüfi deyildir. Qazma evlər geniş diametrli olmaları ilə dövrün təsərrüfat quyularından, o cümlədən I Çaqqallıqtəpə abidəsində də təmizlənmiş quyulardan fərqlənirlər. Quyuların ağzı dar olur və adətən onların daxilindən qarışıq materiallar əldə olunur. Evlərin isə daxilində sərbəst hərəkət etmək mümkündür və arxeoloji materiallara döşəmə üzərində də rast gəlinir (3, s.130).

Tədqiqatlar göstərir ki, Çaqqallıqtəpə abidələri e.ə. IV minilliyin ikinci yarısı – III minilliyin əvvəlinə aiddir və Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisindəki həmdövr abidələr arasında xüsusi yer tutur. İlkin nəticələr abidələrdə növbəti qazıntı mövsümündə tədqiqatların davam etdirilməsi zərurətini ortaya qoymuşdur (3, s.133).

 

Digər arxeoloji hesabatlarda göstərilir ki, 2015-ci ildən başlayaraq vaxtilə orta əsr Şabran şəhər yerinin ərazisində aşkar edilən qəsrin torpaq altında qalan hissəsinin təmizlənməsinə başlanılmışdı. Bu arxeoloji qazıntıların gedişində 100 kv.m-lik sahə 4 m dərinlikdə qazırlaraq tədqiq olunmuşdur. Qazıntılar zamanı qəsrin bürcü cənub-şərqdən cənub-qərb istiqaməti boyunca 8,5 m uzunluğunda açılmışdır. Qeyd edək ki, bürcün açılmış hissəsi qəsrin ötən illərdə açılmış hissələrindən struktur cəhətdən fərqlənmir və iki hissəyə bölünür. Bürcün aşağı hissəsi təqribən 11 cərgədə mişar daşından (20×40 sm), üst hissəsi isə çay daşı və bişmiş kərpicdən hörülmüş vəüst hissə aşağı hissədən bir qədər ensiz olduğuna görə, burada bütün qəsr boyu olduğu kimi, özünəməxsus yarus əmələ gəlmişdir.Qazıntı zamanı müxtəlif səviyyələrdən dörd təbəqə yanğın izləri aşkar edilmiş vəbunlar təqribən 60-80 sm, 1,5 m, 2 m və 3 m dərinliklərdən üzə çıxarılmışdır. Bu da şəhərin dəfələrlə hücuma məruz qalaraq yandırılmasını sübut edir.Qəsrin tikinti üslubunun müxtəlifliyi məhz bununla əlaqədardır(4,s.292).

Yer səviyyəsindən 3 m dərinlikdən başlayaraq qazıntı sahəsinin dibinədək 1 m hündürlüyü olan yanıq torpaq təbəqəsi üzə çıxmışdı. Bu təbəqə burada vaxtı ilə güclü yanğın olduğunu göstərir. Yanıq təbəqəsində XIII-XIV əsrlərə aid aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin olması yanğının monqol hücumları zamanı baş verdiyini ehtimal etməyə əsas verir. Gələcək tədqiqatlar bu barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.

 

Qazıntılar gedişində əldə edilmiş saxsı qablar içərisində xeyrə və boşqab tipli qab fraqmentləri üstünlük təşkil edir. Aşkar edilmiş gil məmulatlar arasında saxsı qablardan başqa çıraqları, butələri, su tünglərini, kaşıları və həvəngdəstəni də qeyd etmək olar. Saxsı məmulatlar çox zaman təmiz və yaxşı yoğrulmuş, bəzən tərkibində qum və çınqıl qarışığı olan gildən olduqca keyfiyyətli, nadir hallarda isə kobud və keyfiyyətsiz hazırlanmışlar. Görünür, bu onların təyinatı ilə əlaqədar olmuşdur. Az miqdarda olsa da, qazıntılar zamanı ağ gilli fayans və bozumtul gilli sladon qablara da rast gəlinmişdir (3, s.290).

Şabran şəhəri və onun ətrafında gedən arxeoloji tədqiqatlar 2017-ci ildə də davam etmişdir.

 

Çaqqallıqtəpə və Almastəpə abidələrinin tədqiqatları zamanı dairəvi və yarımdairəvi tikililər aşkarlanmış, düzbucaqlı manqal,təsərrüfat quyuları,dairəvi ocaq yerləri müəyyən edilmişdir.Çoxlu sayda sümük və saxsı üzə çıxarılmışdır.Aşkarlanmış keramika məmulatı içərisində klassik Kür-Araz mədəniyyəti nümunələri ilə yanaşı, Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisi üçün xarakterik olanları da var. Bu abidədə aşkara çıxarılan keramika məmulatlarının bəzi nümunələrinin daha arxaik-xalkolit (eneolit) dövrünə aid olduğu ehtimal edilir. Çaqqallıqtəpə abidələrinin daş, sümük, saxsı məmulatı Qafqazın şimal-şərq bölgəsinin ilk tunc dövrü abidələri üçün xarakterikdir. Bu tip materialların oxşarlarına Xaçmaz rayonu ərazisindəki Sərkərtəpə, Dağıstan ərazisindəki Vəlikənd, Kabaz Kutan və s. abidələrdən rast gəlinir. İlk nəticəyə əsasən abidəni e. ə.IV minilliyin sonları və III minilliyin əvvəllərinə aid etmək olar.Ekspedisiyanın ikinci tədqiqat obyekti Gəndov kəndi ərazisində, dəniz səviyyəsindən 115 metr yüksəklikdə yerləşən Almastəpə abidəsi olub. Abidənin əkin sahəsinə tərəf olan hissəsi təsərrüfat işləri ilə əlaqədar dağıdılıb və divar qalıqlarının arasında güclü yanmış qatın göründüyü yarğan əmələ gəlib. Bu hissədə qazıntı sahəsində iki tikinti qatının olduğu müəyyənləşdirilib. Birinci təbəqə güclü dağıntıya məruz qalıb, az sayda arxeoloji materiallar isə qarışıq şəkildədir.

 

İkinci təbəqədə çoxlu sayda sapand daşları, içərisində müxtəlif həcmli və formalı saxsı məmulat olan evin qalıqları aşkarlanıb. Müşahidə göstərir ki, abidənin bu hissəsi güclü hücumdan sonra yanıb və sakinlər heç bir əşya götürmədən evi tərk ediblər.Bu evin içərisindəki saxsı məmulatları tərkibinə və formalarına görə bir-birindən fərqlənir. Onların heç birində dulus çarxının izləri müşahidə edilməyib. İri təsərrüfat küplərinin formaları diqqətçəkicidir. Darağızlı, xarici səthindən kəmərşəkilli yapma ilə əhatələnmiş, günbəz (umbon) formalı sonluqlara malik konusvari oturacaqlı küplərə Azərbaycan ərazisindəki abidələr arasında rast gəlinməyib. Ağzı novçalı kuzə və parçtipli qabların bənzərlərinə isə Ağsu rayonundakı Nüydi materialları içərisində rast gəlinir.Toplanmış yerüstü materialların ilkin təhlili və qazıntı materiallarına əsaslanmaqla Almastəpə abidəsini antik dövrə (təqribən e. ə. VI-IV əsrlərə) aid etmək olar (5).

 

Beləliklə,Şabran şəhərinin arxeoloji maddi-mədəni irsinin öyrənilməsi və tədqiqatlara cəlb edilməsi yeni arxeoloji tapıntıların meydana gəlməsinə şərait yaratmışdır. Eyni zamanda həmin arxeoloji materialların tədqiqi gələcəkdə Şabran şəhərinin maddi irsinin formalaşmasına öz müsbət töhfəsini verəcəkdir.

 

Ədəbiyyat.

 

1. https://www.academia.edu/

2. QoşqarlıQ.O., ƏsədovV.A.,Ağamaliyeva S.M., BabayevT.D. və s. 2013-2014-cü illərdə Şabran şəhər yerində aparılmış arxeoloji qazıntılar(s.287-292). .//Azərbaycanda arxeoloji tədiqatlar 2013-2014 . Bakı, “Xəzər Universiteti”, 2015 (s.419).

3. Aşurov S.H., Hüseynova S.A., Əliyeva F.A., Babayeva T.V., Nəhmətova İ.A., N.V. Məmmədova, Abdullayeva A.Q. Şabran arxeoloji ekpedisiyasının 2016-cı il tədqiqatları(s.130-133) // Azərbaycanda arxeoloji tədqiqatlar 2015-2016 – cı illər. Bakı, AFPoliqrAF, 2017.

4.Xəlilov M.C., Cəfərova E.B. Quba, Şabran və Xaçmaz rayonlarında tədqiqatlar(s.291-297) // Azərbaycanda arxeoloji tədqiqatlar 2015-2016 – cı illər. Bakı, AFPoliqrAF, 2017.

5.https://azertag.az/xeber/Sabran_erazisindeki_ilk_tunc_ve_antik_dovr_abidelerinde_arxeoloji_tedqiqatlar_aparilib-1110530

Xülasə

Şabran rayonunun arxeoloji tədqiqatları haqqında

Məqalədə Şabran rayonunda son illərdə aparılan arxeoloji qazıntılardan bəhs edilir. Şabran şəhər ərazisində orta əsr qəsrinin tədqiqatları,şəhərin ətrafında yerləşən Çaqqallıqtəpə I,II,III arxeoloji abidələrdə əldə olunan maddi-mədəniyyət nümunələrindən və qazma evlərdən söhbət açılır.Tədqiqatlar bu abidələrin e.ə.IV minilliyin 2-ci yarısını -III minilliyin əvvəllərini əhatə etdiyini göstərir. Məqalədə “Şabran arxeoloji ekspedisiyası”nın hesabatlarına istinadlar edilmiş və təhlillər aparılmışdır.

Резюме

Об археологических исследованиях Шабранского района

В статье рассматриваются археологические раскопки, проведенные в Шабранском районе в последние годы. Обсуждаются исследования средневековых крепастных стен городища Шабран и прилегающие к нему археологические памятники ЧакгаллыгтепеI,II,III выявлена материальная культура и отмечены типы жилищных домов.Научныеисследования показали что,эти археологические памятники относятся к 2-ой половине IV тысячелетия до н.э.- начало IIIтысячелетия до н.э.В статьерассматриваются и анализируются отчеты Шабранской археологической экспедиции.

 

Summary

Aboutarchaeological researches of Shabran region

The article discusses the archaeological excavations carried out in the Shabran region in recent years. The study of the medieval fortified walls of the ancient settlement of Shabran and the adjacent archaeological sites of Chakgallygtepe I,II,III are discussed.The article discusses and analyzes the reports of the Shabran archaeological expedition.

 

Şabranın qəsr divarları Şabranda arxeoloji qazıntılar zamanı

aşkar edilən təndirxanalar

 

Çaqqalıqtəpədəki qazıntılardan Çaqqalıqtəpədən tapılan maddi-

– mədəniyyət nümünələri

 

 

Spread the love