"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun aparıcı elmi işçisi Şirəliyev Şirəlinin vetenimnamine.az saytında "Şabran şəhərinin tarixi keçmişi və bu günü " adlı məqaləsi dərc olunmuşdur.Noyabr 17, 2022

 

Şabran şəhərininin tarixi keçmişi və bu günü

Şabran şəhəri Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən bir orta əsr şəhəridir. Şəhərin coğrafi mövqeyi, ictimai-iqtisadi və siyasi həyatı haqqında orta əsr coğrafiyaşünas və salnaməçilərinin verdiyi məlumatlar və arxeoloji qazıntılar Şabran şəhərinin keçmişi barədə əsaslı fikirlər söyləməyə imkan verir.

 

 

Şəkil 1.Qəsr divarları

Şəhər haqqında Əbu Duləf, ət-Təbəri, Strabon, Yaqut Həməvi, Övliya Çələbi, H.Qəzvini və başqalarının əsərlərində məlumat verilmişdir (2, s.11). Adı çəkilən müəlliflər Şabran şəhərinin təsərrüfat həyatından yazarkən burada əkinçilik, bağçılıq, bostançılıq və sənətkarlığın inkişaf etdiyini qeyd edirlər. Torpağının əsasən gilli, iqliminin isti, suyunun içməli olması haqqında məlumat verən müəlliflər burada buğda və başqa taxıl bitkilərinin becərilməsindən yazırlar (6, s.24).

Şabranda sənətkarlığın inkişafında dulusçuluq əsas yerlərdən birini tuturdu. Burada 14 dulusçuluq emalatxanasının olduğu haqqında məlumat vardır (4, s.12). Şəhərin müxtəlif dövrlərinə aid şirli və şirsiz saxsı məmulatları əsasən təsərrüfat küpləri, nehrə, sərinc, bardaq, kuzə, süddan tipli qablar, küpə, bərni, dolça, silbic, aftafa, manqal, qazan, çörək təknəsi, boşqab, kasa, piyalə və s-dir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunan fayans qablar içərisində idxal məhsulları da vardır (2, s.106). Azərbaycanda orta əsrr zoomorf əşyalar içərisində Şabranın naməlum heyvanı xatırladan bir qrup saxsı əşyaları mühüm yer tutur. Şabranın bu tip əşyaları içərisində bardaq başlıqları üstünlük təşkil edir (1, s.3-6).

 

 

Şəkil 2.Gil qab

Şabranda dulusçuluqla yanaşı metal emalı da yüksək inkişaf etmişdir. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş müxtəlif tipli kənd təsərrüfatı alətləri, məişət və zərgərlik məmulatları, kosmetik ləvazimatlar, numizmatik materiallar və s. hazırlanma texnologiyası şəhərin metalişləmə sənətindən xəbər verir (5, s.10). Metal ox ucluqları, xəncər, qılınc, barmaqlıqlar və s. dövrün hərb sənəti haqqında təsəvvür yaratmağa imkan verir. Belə ki, ox ucluqlarının ikiqanadlı və üçqanadlı formaları ilə yanaşı, yarpaqvari formalarına da rast gəlinmişdir. Bu metal əşyaların texnoloji cəhətdən hazırlanması xüsusiyyətləri, formalarının müxtəlifliyi və estetik tərtibatı Şabran şəhərində XII-XIV əsrlərdə bu sənətin, xüsusilə hərb sənəti-döyüş ləvazimatı sahəsində istehsal edilən məmulatların yüksək inkişaf səviyyəsində olması ehtimalını yaradır (2, s.145).

Şabranda sənətkarlığın bir qolu da şüşə istehsalında özünü göstərmişdir. Burada şüşə istehsalının inkişafı ilə əlaqədar olaraq külli miqdarda müxtəlif formalı bəzək əşyalarına- muncuqlara, bilərziklərə, üzüklərə rast gəlinmişdir. Şüşədən daha çox gözmuncuqları düzəldilirdi (8. s.60-61).

 

 

Şəkil 3.Bəzək əşyaları

 

Sümükişləmə sənətinə aid nümunələr də arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Bu nümunələrə amuletlər, barmaqlıq, tütək və s-dir (2, s.151-152).

Şabranda orta əsrlərdə daşişləmmə sənəti də yüksək inkişaf etmişdir. Daş əşyalar içərisində diqqəti daha çox möhürlər cəlb etmişdir. Həmçinin daşişləmə sənətinin ən mühüm tapıntılarından olan novların çirkab suların axıntısı üçün istifadə edildiyi ehtimal olunur (2, s.153). Şabranın daş məmulatları içərisində qala divarının şimal hissəsindəki sənətkar emalatxanasından aşkar olunan kvadrat formalı iki ədəd çay daşından kəsilmiş alətdən çəki daşı kimi istifadə olunduğu qənaətinə gəlinmişdir (3, s.61).

Şabran şəhərində sadaladığımız sənətakarlıq sahələri ilə yanaşı ağacişləmə sənəti də mövcud olmuşdur. Arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş yanıb kömür halına düşmüş ağacın qalığının hansısa bir qapı və ya pəncərəyə aid olduğunu ehtimal etmək olar. Həmçinin arxeoloji tədqiqatlar zamanı dülgərlik alətlərinin tapılması da buna əyani sübutlardan biridir (3, s.57).

Sənətkarlığın ən inkişaf etmiş sahələrindən biri şəhər memarlığı idi. Şəhər yerindəki ayrı-ayrı tikililərdə çiy və bişmiş kərpicdən, əhəng daşından, çay daşından, hamarlanmış qaya parçalarından istifadə olunmuşdur. Yazılı tarixi mənbələr də Şabran qalaları haqqında bəzi müxtəlif məlumatlar vermişlər. Arxeoloji qazıntılar zamanı Şabranda aşkar olunan daş döşənmiş küçələr, təndirxanalar aşkar olunmuşdur. Həmçinin tədqiqatlar zamanı müxtəlif yerlərdə bir-birinə keçirilmiş tinglər vasitəsilə şəhərə su gətirildiyi müəyyən olunmuşdur (7, s.47).

Şabran şəhər yerində aparılmıış arxeoloji qazıntılar nəticəsində zərbxanalar da aşkar edilmişdir. Qazıntılar zamanı tapılan sikkələr bunun bariz nümunəsidir. Sikkələr misdən hazırlanmış və üzərlərində ərəbcə yazılar vardır. Şabrançayın sağ sahilindən tapılan zərbxana və orada işlədilən alətlər, sikkələr və s. burada Azərbaycanın ən böyük zərbxanalarından birinin olduğunu göstərir (4. s 10).

 

 

Şəkil 4.Sikkələr

Yuxarıda yazılanlardan da aydın görünür ki, tarixin bütün dövrlərində Şabran şəhəri istər coğrafi mövqeyinə görə, istərsə də iqtisadi və siyasi həyatına görə Azərbaycan ərazisində müühüm yer tutan şəhərlərdən biri olmuşdur. Bunu təkcə tarixi mənbələr deyil, ərazidə aparılmış arxeoloji qazıntılar da sübut edir.

Qeyd edək ki, Şabran şəhər yerində ilk arxeoloji kəşfiyyat işləri 1935, 1939-cu illərdə E.A.Paxomov tərəfindən aparılmışdır. 1979-cu ildə C.Ə.Xəlilov, 1980-1993-cü illərdə R.B.Göyüşov, 2002-ci ildə F.Ə.Abbasova Şabranda arxeoloji qazıntılara davam etmişdir (2, s. 4). 2012-ci ildən 2014 cü ilədək şəhər yerində arxeoli qazıntı işləri Q.O.Qoşqarlı tərəfindən aparılmışdır.

 

 

Şəkil 5.Təndirxanalar

 

 

Qazıntılar aparılan bütün dövrlərdə ayrı-ayrı zamanlarda orta əsr Şabran şəhərinə aid qala divarları, məbədlər, həbsxana kompleksi və başqa ictimai bina qalıqları, zərbxana, metal emalı mərkəzləri, zərgərlik alətləri, dulusçuluq emalatxanaları, sənətkarlıq, kənd təsərrüfatına aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.

Yeni arxeoloji tədqiqatlar Şabran şəhərinin daha çox sirlərinin açılmasına şərait yaradırdı. Bir qoruq işçisi olaraq bunun canlı şahidi olurduq və orta əsr Şabran şəhərinin aşkara çıxarılmasında yaxından iştirak edirdik. Müşahidələrimiz nəticəsində o qənaətə gəlmək olar ki, orta əsr Şabran şəhərinin tam olaraq üzə çıxarılması istər tariixi, istərsə də turizm cəhətdən böyük nailiyyətlər verə bilər.

Məqalə Vetennamine.az ın şimal zonası üzrə bölgə müxbiri Atayeva Günay tərəfindən dərc olunmuşdur.

Spread the love