Ümumilli Lider Heydər Əliyevin anım günüDekabr 11, 2021

 

11 dekabr 2021-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Ümumilli Lider Heydər Əliyevin anım günü

ilə bağlı olaraq dahi öndərin heykəlinin qarşısına tər qərənfillər düzərək onu yad etmişdilər.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 22 il ərzində SSRİ-də bir çox vəzifələrdə çalışmışdır.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış, paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilmişdi.

1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır.

Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmişdir.

Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmişdir.

1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunmuşdur.

Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Ulu Öndər Heydər Əliyevin ritorikada istinad oluna biləcək aforizmləri bu gün də geniş istifadə olunur.

Spread the love