“Azərbaycanda xalçaçılıq sənəti ” adlı onlayn tədbirDekabr 30, 2022

30.12.2022-ci il tarixində ” Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, ” Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Gəncə” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə qoruğumuzun böyük elmi işçisi Hacıyeva Səmranın moderator olduğu Zoom platformasında “Azərbaycanda xalçaçılıq sənəti ” adlı onlayn tədbir keçirildi.

Tədbir zamanı xalçaçılıq sənəti haqqında məruzələr dinlənildi.Məruzə edənlər çıxışlarında bildirdilər ki, Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir. Özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyinən əcdadlarımız sonralar yunu əyirərək ip hazırlamağa başlayıblar. Zaman keçdikcə hörmə və toxuma vərdişlərinə yiyələnə biliblər. Toxuculuq dəzgahı icad edilib.

 

Tədqiqatçıların qənaətincə, toxuculuğun mənşəyini Qobustanda tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpə, Üzərliktəpə, Sarıtəpə və başqa yerlərdə aşkar edilən Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iplər sübut edir.

 

Alimlərin nəticələrinə görə, yun xalçalar hələ Tunc dövründə mövcud olub. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi qeyd edilib, gözəlliyi, zərif toxunuşu xüsusi vurğulanıb.

 

Albaniyada xalça istehsalı və zadəganların məişətində onlardan istifadə barədə VII əsr alban tarixçisi Musa Kalankatuklu yazıb. VII əsr Çin səyyahı Xuan-Tes-ankın Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırması fikrini isə arxeoloji tədqiqatlar da təsdiqləyib.

Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətləri və tipləri barədə məlumatlar əksini tapıb.

Həmçinin qoruğumuzun aparıcı elmi işçisi Bəbirova Vüsalə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında toxunan xalçalar ilə bizi tanış etdi.

 

Spread the love