Emin Sabitoğlunun 80 illiyinə aid “Emin Sabitoğlu işığında” adlı gecə.Dekabr 25, 2017

Prezident İlham Əliyevin Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən reallaşan tədbir bəstəkarın bəstələdiyi mahnılardan birinin musiqisi ilə başladı.

Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ə.Səmədov açıq elan etdi Tədbirdə rayonun bir çox idarə və təşkilatları da iştirak edirdi. Biz “Çıraqqala” Tarixi Qoruğunun kollektividə tədbirə dəvət almışdıq. Çıxış edən qonaqlar vurğulanıb ki, 1937-ci il noyabrın 2-də yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan bəstəkar 1954-cü ildə o vaxtkı Azərbaycan Milli Konservatoriyasında (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Yuri Şoporinin bəstəkarlıq sinfində təhsilini davam etdirən E.Sabitoğlu sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, konservatoriyada müəllim işləyib.

600-dən artıq mahnının müəllifi olan bəstəkar 9 musiqili komediya və 40-dək filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Bu dənizin gözü yaşlı sənsiz” və digər onlarla mahnısı dinləyicilərinin qəlbini ram edərək böyük sevgi qazanıb.

Onun kino yaradıcılığı 1962-ci ildə çəkilmiş “Dağlarda zavod” sənədli filmi ilə başlanır. Sonra “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Od içində”, “Ad günü”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər filmlərə bəstələdiyi mahnılar onu xalqının yaddaşında əbədi olaraq heykəlləşdirib.

Emin Sabitoğlu deyəndə ağla gələn ilk assosiasiya belədir: “Parlaq melodiyalar dəryası”. Onun hər bir mahnısı bir lövhə, bitkin tablo idi. Təəssüf ki, parlaq melodiyalardan solmaz təsvirlər yaradan bu bəstəkar palitrasındakı çalarlar tükənməmiş bu dünyanı tərk etdi. Amma hər halda biz xoşbəxt insanlarıq ki, onun müasiri olmuşuq, mahnı janrının şedevrlərinin yarandığı zamanın içində yaşamışıq.



Spread the love