4.Qoruğun hüquqları
4.1. Qoruq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;
4.1.2. Qoruğun ərazisində qanunvericiliyə zidd olaraq görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;
4.1.3. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən dövlət (bələdiyyə) mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin Dövlət Xidmətinin razılığı olmadan istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırır;
4.1.4. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən abidələr üçün hər hansı təhlükə yaratmayan təmir-tikinti və inşaat işlərinin görülməsi Dövlət Xidmətinin razılığı ilə həyata keçirilir;
4.1.5. Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsini, elmi tədqiqat, təlim-tərbiyə,
turizm və rekreasiya məqsədlərini həyata keçirir;
4.1.6. Qoruğun ərazisində abidələrin mühafizəsi və istifadəsi zamanı baş vermiş qanunazidd halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
4.1.7. sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;
4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
4.1.9. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə edir;
4.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada Qoruğa aid buklet, açıqca və digər nəşrlər buraxır, internet saytı yaradır, Qoruğu sosial şəbəkələrdə təbliğ edir;
4.1.11. Qoruğun ərazisində kütləvi tədbirlərin, konfrans və seminarların keçirilməsini təşkil edir;
4.1.12. Qoruğun maraqlarını məhkəmədə təmsil edir.
4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Dövlət Xidməti tərəfindən təsdiq edilir.