“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Muxtarov Fərruxun vetenimnamine.az saytında “Xəzərin qərbində bir orta əsr şəhəri-Şabran” adlı məqaləsi dərc olunmuşdur.November 15, 2022

XƏZƏRİN QƏRBİNDƏ BİR ORTA ƏSR ŞƏHƏRİ – ŞABRAN

 

Qədim şəhərlərin formalaşması, memarlığı, onların idarə edilməsi, məişət, təsərrüfat və sosial həyatını, sənətkarlıq sahələrinin inkişaf dinamikasını izləmək, qədim dövlətlərin ərazisində mövcud olmuş şəhərlərlə əlaqəsi və bu sıradakı yerinin tədqiqi tarixşünaslıqla yanaşı arxeologiyanın da problemlərindən biridir. Xəzər hövzəsi bütün tarixi dövrlərdə ticarət yolları üçün əlverişli olmuşdur və məhz elə bu səbəbdən bu ərazidəki müxtəlif tipli abidələr fərqli mədəniyyətləri əks etdirməklə yanaşı öz unikallıqları ilə də diqqəti cəlb edirlər.

Xəzərin qərb sahillərində mezolit dövründən başlayaraq abidələrin mövcudluğu təsdiq edilmişdir. Dənizin yaxınlığında tədqiq edilmiş Qobustan qayalıqları mezolit dövründən başlayaraq bölgə əhalisinin panteonuna çevrilmişdir (Джафарзаде, 1973). Azərbaycan ərazisində erkən şəhərlərin yaranması orta tunc dövründən (e.ə.II minilliyin ortalarından) başlansa da Xəzərin qərb sahili boyunca yaşayış məskənlərinin şəhərlərə çevrilməsi prosesi antik dövrdən başlanmışdır. Bu tip şəhərlərdən biri də hazırkı Şabran rayonu ərazisində yerləşən qədim Şabran şəhəridir. Şəhər Abşeron yarımadasından Dərbənd keçidinə doğru uzanan ticarət yolunun üzərində yerləşir.

 

VIII-XII əsrlərə aid ərəbdilli mənbələr (İbn Xordadbeh, Əl Bələzuri, Əl İstəhri, Əl Müqəddəsi, İbn Əl Əsir və s.) şəhərin əsasının qoyulmasını VI əsr Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlayırlar. S.Aşurbəyliyə görə isə Şabran şəhəri Klavdi Ptolomeyin Qafqaz Albaniyasının şəhərləri sırasında adını çəkdiyi Şapotrenanın qalıqlarıdır (Ашурбейли, 2006, с.45).

 

Şəkil 1.Qəsr divarları

 

M.Qaşqari Şabran adının Sabir tayfaları ilə bağlı olduğunu və ilkin olaraq Sabiran adlandırıldığını söyləyir. Ərəb səlnaməçisi İbn Xordadbeh (IX əsr) «Kniqa putey i stran» əsərində yazır «Xosrov Ənuşirəvan Aş Şabab və Bab Abvab (Dərbənd) şəhərlərini, dağ yolları üzərində isə 360 qala tikdirdi (Ибн Хордадбех, 1986, с.152.).

Erkən orta əsrlərdə (V-VI əsrlər) şimaldan – Dərbənd keçidi istiqamətindən gələn təhlükələri nəzərə alaraq Xəzərin qərb sahili boyunca 4 müdafiə səddi çəkilmişdir. Bunlar Beşbarmaq paralel müdafiə istehkamları, Gilgilçay, Samur və Dərbənd sədləridir. Gilgilçay səddi Xəzər dənizinin sahillərindən başlayaraq Gürcüstan sərhəddinədək uzanır və onun üzərində bir neçə yerdə hərbi şəhərciklər və qalalar ucaldılmışdır (Алиев, 1986). Bu qalalardan biri də Çıraqqaladır (Əliyev, 2014).

Şəkil 2. “Çıraqqala abidəsi”

Bu tip möhtəşəm sədlərin inşası üçün kifayət qədər işçi qüvvəsinə və zamana ehtiyac vardır. Təbii ki onların inşası Sasanilər dövründə bölgəyə köçürülmüş əhalinin gücü ilə və qısa müddətə mümkün deyildi. Bir sıra faktlar təsdiq edir ki, hələ Sasanilərin köçürmə siyasətinə qədər bölgə sıx məskunlaşmış və çoxsaylı yaşayış məskənləri mövcud olmuşdur. Təsadüfi deyil ki, Xəzərin qərb sahillərində erkən tünc dövrünə aid Rustəpə, Çaqqallıqtəpə abidələr kompleksi, Leyli və Məcnun, Sərkərtəpə kimi yaşayış yerləri tədqiq olunmuşdur. Son zamanlar isə Beşbarmaq qalasının daxilində və Şəhərgah yerində erkən tünc dövrünə aid materiallar əldə edilmişdir.

Ərəb işğalları zamanı bölgə ərəb-xəzər işğallarının mərkəzində olmuşdur və dəfələrlə dağıntılara məruz qalmışdır. Ərəb səlnaməçi Əbu Məhəmməd əl Kufinin məlumatına görə xilafət sərkərdəsi Məslam ibn Əbdülmalik müqavimət göstərdiklərinə görə Şabran qala-şəhərini yerlə yeksan etmiş, əhalisini isə ətraf ərazilərə kömürmüşdür (Аль Куфи Ахмед ибн Асам, 1981, с.40-41).

Saci, Salari sülalələrinin hakimiyyəti dövründə Şabran şəhəri öz əhəmiyyətini qoruyub saxlamış və inkişaf etmişdir. Səlcuqların hakimiyyəti dövründə bütün Azərbaycanda olduğu kimi şimal-şərq bölgələrdəki şəhərlər, o cümlədən Şabran və Dərbənd şəhərləri də özünün çiçəklənmə dövrünü yaşayır. Monqol işğalları dövründə şəhər və ətraf yaşayış məskənləri dəfələrlə dağıntılara məruz qalır. Sonrakı mərhələdə Teymurilərin və Səfəvilərin yürüşləri də şəhərin inkişaf dinamikasına zərbə vurmuş və nəhayət XVII əsrin sonlarından şəhərdə həyat dayanmış olur. Lakin bu günədək bu cür strateji əhəmiyyətli bir şəhərin tamamilə tərk edilməsinin səbəbləri məlum deyildir.

Şəhərin və bütövlükdə bölgənin tarixinə nəzər saldıqda aydın olur ki, ərazi olaraq bölgədə əhali hələ erkən tunc dövründən məskunlaşmışdır. Şabran şəhər yerinin 2 km-də 5 ilk tunc dövrü yaşayış məskəni qeydə alınmışdır. Bu abədələrdə aparılmış tədqiqatlar nəticəsində Kür-Araz mədəniyyətinin bölgə üçün xarakterik olan lokal variantına xass maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Yaşayış yerində 4 tikinti xüsusiyyəti aşkar edilmişdir. Bunlar çiy kərpicdən dairəvi formalı evlərdən, yüngül ağac konstruksiyalı, daş özül üzərində qurulmuş dairəvi evlərdən və qazma tipli evlərdən ibarətdirlər. Əldə olunmuş maddi mədəniyyət nümunələri bölgə əhalisinin bir tərəfdən Şimali Qafqaz, digər tərəfdən isə Ön Asiya ilə sıx əlaqələri olduğunu təsdiq edir (Aşurov, Hüseynova, Əliyeva, Babayeva, Nəhmətova, Məmmədova, Abdullayeva, 2017, səh. 129-134).

 

Şəkil 3.Küp

Forma etibarı ilə bənzər oturacaqlı qablar Aralıq və Qara dəniz hövzələrində tədqiq edilmiş yaşayış məskənlərində çoxlu sayda əldə edilir və adətən onlardan gəmi daşımaları zamanı istifadə olunduğu ehtimal edilir. Hazırda Xəzər dənizindən təqribən 18 km məsafədə yerləşən abidədən bu tip qabların əldə edilməsi bir daha təsdiq edir ki, çox güman ki, Xəzər dənizinin səviyyəsi zaman zaman fərqli şəkildə dəyişmişdir.

Şabran şəhərinə yaxın ərazilərdə aparılan tədqiqatlar bir daha təsdiq edir ki, Şəhər heç də təsadüfi yerdə salınmamışdır. Həmçinin şəhərin əsasının qoyulması tarixi də qədim ola bilər. Çünki hər hansı bir yaşayış məskəninin böyüyərək şəhərə çevrilməsi prosesi müəyyən zaman aparır.

Şabran şəhər yerində arxeoloji tədqiqatlar ötən əsrin 80 ci illərindən başlanmışdır (Халилов, Кошкарлы, Ахундов, 1993, стр.68-79). Maraqlıdır ki, XIX əsrin əvvəllərində şəhər haqqında bəzi xatırlamalar olsa da sonrakı dövrlərdə ərazidə şəhər qalıqlarının olması tamamilə unudulmuşdur. İlk qazıntılar nəticəsində möhtəşəm qala divarlarının bir hissəsi aşkar edilmiş və çoxsaylı məişət və yardımçı tikililərin qalıqları üzə çıxarılmışdır. Həmçinin orta əsrlərdə zindan kimi istifadə olunmuş tikilinin qalıqları aşkar edilmişdir. Yazılı mənbələrin məlumatına görə Şirvanşahlar dövlətinin əsas zindanlarından biri Şabranda olmuşdur və çox güman ki, XII əsr Azərbaycan şairi Xəqani Şirvani də məhz bu zindanda saxlanmışdır (Геюшев, 1985, стр.9).

İlk qazıntılardan sonra tədqiqatçılar şəhərin əsasının erkən orta əsrlərdə qoyulması haqqında fikri bir daha təsdiqləmişlər. Lakin, mədəni təbəqənin davam etdiyini vurğulayaraq daha qədim mədəni layların olması ehtimalını söyləmişlər.

Ərəb mənbələrinin əksəriyyətində qeyd olunur ki, Şabran özünün qara rəngli məhək daşları ilə də məşhur olmuşdur. Bu daşlardan qızılın əyarını müəyyən etmək üçün istifadə edilmişdir (Геюшов, 1985, стр.18).

Saxsı məmulatı içərisində üzəri ştamp üsulu ilə naxışlanmış qablara da rast gəlinir. Tədqiqatlar göstərir ki, bu tip keramika istesalı orta əsrlərdən çox-çox əvvəlllər başlamışdır (Кверфельдт, 1944). Qabların əsasən çiyin hissələri relyef formalı ştamp naxışlarla bəzədilmişdir. Bu tip qablar çeşidlərinin və üzərlərindəki naxış motivlərinin müxtəlifliyi ilə seçilirlər və XI-XIII əsrlərdə inkişafının ən yüksək mərhələsinə qalxırlar (Исмизаде, Ибрагимов, 1983, стр. 6). Bu tip keramika məmulatına Azərbaycanın orta əsr abidələrindən olan Beyləqan, Qəbələ, Şamaxı və s (Ахмедов, 1972, стр. 95,99), Türkmənistan ərazisindəki Yeni Nisa yaşayış yerindən (Массон, 1949, 42, 67-70) rast gəlinmişdir.

Şəkil 4.Təndirxananın qalıqları

Qazıntılar zamanı IX əsrə aid edilən məbəd aşkar edilmişdir. Atəşpərəst məbədi olduğu ehtimal edilən tikili çaydaşından özül üzərində əhəngdaşı və bişmiş kərpicdən inşa edilmişdir (Геюшев. 1985, стр. 6).

Bir sıra mənbələr şəhərdə müsəlman əhali ilə yanaşı yəhudilərin də yaşadığını qeyd edirlər.

Şabran şəhəri əhalisinin Xəzər hövzəsi ilə sıx ticarət əlaqələri olmuşdur. Şabrançayın qədim yataqlarının izləri təsdiq edir ki, bir zamanlar çayda suyun səviyyəsi dəniz daşımalarına imkan verən həddə olmuşdur. Bu əlaqələrin Qazaxıstanın Manqışlaq ərazisində mövcud olmuş orta əsr yaşayış məskənləri ilə də mövcud olduğunu düşünmək olar. Manqışlaq ərzisindəki fort Şevçenko və Ataş qəsəbəsi arasında Ketikkala şəhər yeri tədqiq olunmuşdur. Qazıntılar zamanı əldə olunmuş keramika məmulatı təsdiq edir ki, şəhər əhalisinin Xarəzm, İran, Çin və Azərbaycanla sıx ticarət əlaqələri mövcud olmuşdur. Arxeoloq Astafev yazır: “Ketıkkalının yuxarı tikinti horizontu Azərbaycan istehsalı olan qablarla (Ağdam tipli) səciyyələnir. Güman etmək olar ki, Azərbaycan keramika məmulatının yerli sahil əhalisinin təsərrüfat həyatına intensiv şəkildə daxil olması XIV əsrin 70-ci illərdə Teymurun dağıdıcı yürüşləri ilə Xarəzmlə aktiv ticarət əlaqələrinə son qoyulduqdan sonra başlamışdır (Астафев, 2010, стр.92). Oxşar qablar Qoşqar-Ata çökəkliyinin qumlarında, Fort Şevçenko şəhəri ərazisində, Kendırlı körfəzi sahillərində Cıqılqan ərazisinin qala-sığınacaqlarında çoxlu miqdarda aşkar edilmişdir. Uzboy hövzəsinin Ağdam kanallarının sahillərində və Xəzər dənizinin Türkmənistan sahillərində (Астафев, 2010, стр.94) Orta Asiya ərazisi üçün qeyri-ənənəvi qabların bu növü “Ağdam tipi” adlanırdı (Толстов, 1958, с.61-63: 85-87). H.Yusupov Xəzərin əks sahilində – XIII-XV əsrin sonlarına aid Azərbaycan ərazisində hazırlanmış keramikanın analoqlarını əldə etmişdir (Юсупов, 1975, стр.49,55).

Şirvan tipli keramika adlandırılan şirli qabların Xəzərin şərq sahillərindən əldə edilməsi təbiidir. Çünki, qədim dövr Şərq-qərb ticarət yollarının müəyyən hissəsi çaylar və dənizlərdən keçirdi. Digər tərəfdən Xəzər hövzəsində məskunlaşmış əhalinin bir sıra maddi və mənəvi amillərlə də sıx bağlı olduğunu nəzərə alsaq bu əlaqələrin tam olaraq gələcək tədqiqinə zərurət olduğunu görmüş olarıq.

Məqalə Vetennamine.az ın şimal zonası üzrə bölgə müxbiri Atayeva Günay tərəfindən dərc olunmuşdur.

Spread the love