Qobustan Milli Tarix Bədii qoruğu ilə Çıraqqala-Şabran Dövlət Tarix- Mədəniyyət qoruğu arasında muzey işi sahəsində təcrübə mübadiləsi ilə bağlı görüş keçirilib. Görüşü giriş nitqi ile açan Qobustan qoruğunun direktoru Vüqar İsayev muzey işinin təşkilində təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb, qoruğun dünyanın digər qayaüstü incəsənət qoruqları və muzeyləri ilə beynəlxalq əlaqələrindən bəhs edib. Görüş Qobustan qoruğunun Elmi Ekspozisiya şöbəsinin müdiri Səlimə Cəfərovanın “Mədəni əlaqələr”, Fond şöbəsinin müdiri İnci Əliyevanın “Fond işinin müasir metodlarla təşkili”, Qoruğun İnkişafı və İnnovasiya şöbəsinin müdiri Şəbnəm Yusifovanın “Muzey işinin təşkili və idarə edilməsində Qobustan təcrübəsi” və Ekskursiya Kütləvi şöbəsinin müdiri Sənan Umuyevin “Qobustan və Abşeron qayaüstü təsvirləri” təqdimatları ilə davam etdirilib.Daha sonra isə Çıraqqala qoruğunun Fond şöbəsinin müdiri Günel Pirquliyeva xoş qarşılanma və maraqlı çıxışlar üçün Qobustan qoruğuna dərin təşəkkür edib və növbəti görüşlərin Çıraqqala qoruğunda da davam edəcəyini bildirib.İştirakçılar tərəfindən maraqla qarşılanan təqdimatlarda Qobustan qoruğunun müxtəlif qoruq və muzeylərlə əlaqələrinin bundan sonra da davam etdiriləcəyi və təcrübələrini bölüşəcəyi vurğulanıb. Sonda qonaqlar muzeyin ekspozisiya zallarını ziyarət edib və qədim qayaüstü təsvirlərlə yaxından tanış olublar.













